

Onur Öymən:“Türkiyə Ermənistanla əlaqə qurmamalıdır”

http://www.lent.az/news.php?id=18061
23:06 22-02-2009

http://www.lent.az/news.php?id=18061
23:06 22-02-2009
![]() | |
|

Cümhuriyyət Xalq Partiyasının sədr müavini, millət vəkili Onur Öymənin “Yeni Müsavat” qəzetinə müsahibəsi
-Onur bəy, zaman-zaman Türkiyənin xarici siyasətinin müəyyənləşdirilməsində önəmli rol oynamış şəxs kimi Türkiyə hökumətinin bugünkü xarici siyasətini necə görürsünüz? Xüsusən də Qafqaza, Azərbaycana yönəlik siyasətini nəzərdə tuturuq.
- Türkiyə dövlətinin təməli qoyulandan bəri onun xarici siyasəti sülh üzərində qurulub. Biz bütün ölkələrlə barış və dostluq münasibətləri qurmaq istəyirik. Xüsusən də qonşularımızla daha yaxşı münasibətlər qurmalıyıq. Ona görə də CHP olaraq Qafqazlarla çox yaxından maraqlanırıq. Azərbaycana yönəlik siyasətimizdə hər hansı bir tərəddüdümüz yoxdur, hər fürsətdəcə Azərbaycanın problemlerini dilə gətiririk. Elə bir neçə gün öncə mən Avropa Birliyinin Cənubi Qafqazla bağlı təşkil etdiyi konfransda iştirak edirdim. Orada Azərbaycan torpaqlarının işğal olunmasından danışdım, insanlarımızın qaçqın düşdüyünü və həmin torpaqların mütləq şəkildə azad olunmasının vacib olduğunu dedim. Biz CHP olaraq təəssüf edirik ki, bu məsələ uzun zamandan bəri öz həllini tapa bilməyib. ATƏT-in Minsk Qrupu da bir iş görə bilmədi, Türkiyənin çabaları da nəticə vermədi. Biz buna üzülürük.
- Belə bir vəziyyətdə Türkiyə hansı addımları ata bilər və atması lazımdır?
- İndi Türkiyə üçün önəmli olan məsələ problemin həlli üçün səyləri və əvvəlki xarici siyasəti davam etdirməkdir. Əgər Türkiyə əvvəlki xarici siyasətdən dönərsə və bu siyasətin təməl prinsiplərindən çəkilərsə, həm özünü çox çətin duruma salar, həm də Azərbaycanı. Çünki əsas etibarilə indiyədək Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləmişik, siyasətimizi bunun üzərində qurmuşuq. İndi bir sapma olacaqsa, bunu necə əsaslandıracağıq, nə söyləyəcəyik? İndiyə qədər demişik ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edıb, bir işğalçı dövlət olaraq biz onunla diplomatik münasibətlər qurmuruq, sərhədlərimizi açmırıq və heç bir əlaqəni qəbul etmirik. Bununla da Ermənistanı Azərbaycan torpaqlarını qaytarmağa məcbur etməyə çalışırıq. Amma prezident Abdullah Gülün Ermənistana səfəri bu siyasətdən fərqli bir mövqeyin ortaya qoyulmasına yol açdı və fərqli bir öhdəlik daşımağa başladı. Bu səfər məsələsi ortaya çıxanda Türkiyədə bəzi şəxslər deyirdilər ki, Gülün Ermənistana getməsi Qafqazda sabitlik əldə olunmasına, Qarabağ probleminin həllinə kömək edəcək. Belə təbliğat aparılırdı ki, bu təmaslardan sonra Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını boşaltmağa başlayacaq. Amma bu olmadı. Tam əksinə, Gülün İrəvana səfərindən sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Dağlıq Qarabağın müstəqil dövlət elan olunacağını bəyan etdi. Bunun ardınca biz Serj Sərkisyanın da açıqlamalarından gördük ki, Ermənistanın Dağlıq Qarabağdan əl çəkmək niyyəti yoxdur. Buna görə də Türkiyənin elədiyi jest heç bir müsbət nəticə vermədi. Amma Türkiyə hökuməti bu addımları ilə Azərbaycandakı qardaşlarımızı üzdü. Biz CHP olaraq bunun belə olacağını Gülün İrəvan səfəri baş tutmamışdan öncə bəyan etmişdik və AKP-ni Azərbaycandakı qardaşlarımızı üzməməyə çağırmışdıq. Əgər biz bilsək ki Ermənistan Türkiyənin hansısa addımlarının, güzəştlərinin qarşısında Azərbaycan torpaqlarını boşaldacaq, buna çoxdan razı olardıq. Ermənistanın 2007-ci ildə yaydığı beynəlxalq strateji planda Dağlıq Qarabağ açıq şəkildə dövlət kimi göstərilir. Türkiyə Ermənistana yönəlik addımlar atarkən ən azı bunları nəzərə almalı idi. Bütün bunlardan sonra Ermənistana hansısa jestlər etmək yanlışdır. Türkiyə sürəkli xarici siyasətini davam etdirməli və təməl prinsiplərindən çəkilməməlidir. Biz buna imkan verməməyə çalışırıq və əks addımlar görəndə çox üzülürük. CHP olaraq hesab edirik ki, Ermənistan qarşısında ilk şərt işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması və qaçqınların öz yurdlarına qayıtması olmalıdır.
- Sizcə, AKP-nin Ermənistanla münasibətlərdə Qarabağ şərtindən geri çəkilməsi ilə bağlı yayılan məlumatlar nə qədər doğrudur və belə bir addım varsa, bunun arxasında nə durur?
- Bu məlumatlar mediaya sızıb. Amma rəsmi olaraq Türkiyənin xarici siyasətinin dəyişməsinə dair bir açıqlama verilməyib. Eyni zamanda AKP hökumətinin Qarabağdan vaz keçməsi, Qarabağın Ermənistanda qalmasına razılaşması ilə bağlı bir açıqlama verilməyib. Fəqət, o da var ki, hökumət ən yüksək səviyyədə bunun əksini də söyləməyib, yəni deməyib ki, Ermənistan işğaldakı torpaqlardan çəkilməyincə Ermənistanla münasibətləri normallaşdırmarıq, sərhədləri açmarıq və s. İndi bəzi uzlaşmaların olduğuna dair xəbərlər yayılıb. Amma Ermənistan Azərbaycan torpaqlarından çıxmayınca bu məsələ reallaşmamalıdır.
- Onur bəy, Ermənistanın həm də Türkiyənin özünə qarşı iddiaları var - soyqırım, ərazi iddiaları və s. Yəni Türkiyə və Azərbaycanın Ermənistanla problemləri yalnız Qarabağ məsələsinə görə deyil...
- Ermənistanın Qarabağdan əl çəkməməklə yanaşı Türkiyəyə qarşı da iddialar irəli sürməsi faktdır və biz bütün bunlardan narahatıq. Amma ən əsas məsələ Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Bunu bütün dünya bilir, BMT-nin və Avropa Şurasının bununla bağlı sənədləri var. Yəni Ermənistan Azərbaycan torpaqlarını boşaltmayınca onun Türkiyəyə qarşı iddialardan çəkiləcəyi mümkün deyil və bu barədə düşünmək belə çətindir. Nə qədər ki Azərbaycan Dağlıq Qarabağın Ermənistanda qalmasına razılaşmayıb və öz torpaqlarını azad etməkdə israrlıdır, Türkiyənin Qarabağ smyasəti dəyişməməlidir.
- Nə baş verir ki, Türkiyə hökuməti Qarabağ siyasətini dəyişmək niyyətinə düşür, yaxud da artıq bu istiqamətdə hansısa razılaşmalara gedib?
- Bəzi böyük dövlətlər istəyir ki, Ermənistan heç bir bədəl ödəmədən Türkiyə bu ölkə ilə münasibətləri normallaşdırsın, sərhədləri açsın, diplomatik əlaqələr qursun və s. Amma bu, doğru deyil. Azərbaycanın istəmədiyi müddətcə Türkiyə Ermənistanla əlaqələr qurmamalıdır. Biz Azərbaycandakı qardaşlarımızı heç vaxt yarı yolda buraxmamalıyıq. Türk milləti Azərbaycanın yanındadır.
- Hökumət hansısa güzəştlərə getmək istəsə, cəmiyyətin buna münasibəti necə olacaq?
- Türk insanı buna imkan verməz. Əgər kimsə bunu xarici təzyiqlərlə əlaqələndirsə, onda bizim cavabımız belə olacaq ki, bu cür təzyiqlər həmişə olub, amma Türkiyə hər zaman doğru bildiyini yaparaq onların qarşısında dayana bilib. Əgər Türkiyənin indiki hökuməti Ermənistanla münasibətləri ermənilərin işğaldan çəkilməsi şərti çərçivəsində quracaqsa, buyursun. Əks təqdirdə bu, birtərəfli qaydada bədəl ödəmək sayılacaq ki, türk insanı da bu bədəli ödəməz. Türk milləti belə bir razılaşmanı qəbul etməz. Ermənistanın işğalçı siyasəti ortada ikən Türkiyənin onlarla əlaqələr qurmasından söhbət gedə bilməz. CHP olaraq biz bu məsələdə Azərbaycanın yanındayıq.
- CHP Türkiyə Böyük Millət Məclisində ən çox deputatla təmsil olunan ikinci partiyadır. Parlamentdə bu durumla bağlı hər hansı məsələ qaldıra bilərsinizmi?
- Biz hər zaman sözümüzü demişik və indi də buna hazırıq. CHP bu məsələdə əlindən gələn hər şeyi edəcək ki, Azərbaycandakı qardaşlarımız hər hansı acı çəkməsinlər, üzülməsinlər, tək qalmışıq deyə düşünməsinlər. Bütövlükdə isə türk insanının xaricdən bununla bağlı gələn təzyiqləri durdurmaq gücü var və inanıram ki, belə də olacaq.
Xəbərin oxunma sayı: 152